Aorta

Aorta anevrizması: şikayət verməyən təhlükə

Aorta anevrizması aortanın divarının zəifləyərək genişlənməsidir. Onun əsas təhlükəsi uzun müddət heç bir şikayət verməməsidir: çox vaxt başqa səbəblə aparılan USM və ya KT zamanı təsadüfən aşkarlanır. Anevrizma böyüdükcə yırtılma riski artır, yırtılma isə həyati təhlükəli vəziyyətdir.

Bir klinik nümunə

67 yaşlı xəstə qarında kəskin ağrı və şişkinliklə müraciət edib. KT müayinəsində aortanın böyrək arteriyalarından aşağı hissəsində uzunluğu 12,8 sm, ən geniş yerində diametri 65 mm olan anevrizma və onun divarında laxta aşkarlanıb. Dr. Beyrək Abbaszadə genişlənmiş seqmenti süni damar protezi ilə əvəzləyərək aorto-bifemoral bypass əməliyyatı aparıb.

Kimlər risk qrupundadır

  • 65 yaşdan yuxarı kişilər, xüsusən siqaret çəkənlər və keçmişdə çəkənlər;
  • ailəsində aorta anevrizması olanlar;
  • yüksək arterial təzyiqi və aterosklerozu olanlar;
  • qalxan aorta üçün: bəzi irsi birləşdirici toxuma xəstəlikləri və ikitaylı aorta qapağı olanlar.

Hansı əlamətlər olur

Çox vaxt heç biri. Bəzən qarında və ya belində küt ağrı, qarında döyüntü hissi olur.

Əməliyyat nə vaxt lazımdır

Qarın aortası anevrizmasında planlı əməliyyat adətən diametr kişilərdə 5,5 sm-ə, qadınlarda 5,0 sm-ə çatdıqda, anevrizma ildə 1 sm və daha sürətlə böyüdükdə və ya şikayət yaratdıqda müzakirə olunur. Qalxan aortada hədd qapaq xəstəliyi, irsi amillər və planlaşdırılan digər ürək əməliyyatları nəzərə alınaraq fərdi müəyyən edilir.

Müalicə

Anevrizmalı seqment açıq əməliyyatla süni damar protezi ilə əvəzlənir; bəzi xəstələrdə damarın içindən stent-qreft yerləşdirilməsi müzakirə olunur. Üsul anevrizmanın yerinə, formasına və xəstənin ümumi vəziyyətinə görə seçilir. Kiçik anevrizmalarda təzyiqə nəzarət, siqaretdən imtina və müntəzəm ölçmə aparılır.

Saytda axtarış

Xidmətlər, xəstəliklər, klinik hallar və məqalələr üzrə axtarın.